Rəqəmsal marketinq terminləri (abbreviaturalar) - XeyalQuliyev.com
info@xeyalquliyev.com

Rəqəmsal marketinq terminləri (abbreviaturalar)

reqemsal-marketinq-terminleri
SMM – Social Media Marketing

Sosial Media Marketinqi. Sosial şəbəkələrdə marketinq. Məsələn, sosial şəbəkələrdə səhifə, qrup, profilin yaradılması, onların reklamı və s. Rəqəmsal marketinqin ən geniş yayılmış qollarından biridir. SMM haqqında bloqda davamlı olaraq ayrıca yazılar olacaq.

SMO – Social Media Optimization

Sosial Media üçün saytın optimizasiyası. Məsələn, “Bəyən, Paylaş” düymələrinin sayta qoyulması, sosial şəbəkə akauntu ilə şərh yazmaq üçün modulların quraşdırılması və s. Ayrıca yazı olacaq bu mövzuda.

SEO – Search Engine Optimization

Saytın axtarış motorları üçün optimizasiya olunması. Google, Yandex, Youtube kimi axtarış saytarında hər hansı açar sözü axtararkən çıxan nəticələrdə ilk sıralarda olmaq üçün sayt üzərində olan optimizasiya işləridir. Geniş sahədir. Bu istiqamətdə də silsilə yazılarım olacaq.

Conversion

Konversiya – Sayta gələn ziyarətçilərin saytda lazım olan aktivliyi etməsinə deyilir. Məsələn, səhifənin paylaşılması, bir ziyarət zamanı 5 səhifəyə baxılması, saytda 20 dəqiqədən çox vaxt keçirmək, məhsul almaq, qeydiyyatdan keçmək, əlaqə formunun doldurulması, filiallar olan cədvəli ziyarətçinin öz komputerinə yükləməsi və s. Yəni konversiya sayt sahibinin əvvəlcədən müəyyən etdiyi və ziyarətçi tərəfindən saytda yerinə yetirilməli olduğu aktivliklərdir.
Konversiyanın ölçü vahidi %-dir. Hesablanma qaydası saytda lazım olan aktivliyi edən sayın sayta daxil olan olan ziyarətçilərin sayına olan faizlə nisbətidir. Məsələn, sayta 500 nəfər daxil olub və saytdan 20 məhsul satılıb. Belə olan halda Konversiya 4%-dir.
20/500*100%=4%

Landing Page

Reklam kampaniyası zamanı bannerə yaxud reklama klikləyən ziyarətçinin kliklədikdən sonra keçid etdiyi səhifəyə deyilir. Rus dilində olacaq Целевая страница. Bizim dildə tərcümə etdikdə bir az qəribə səslənir: Hədəf səhifə. Siz ya rus dilində ya da ingilis dilində yadda saxlayın.

CTR — Click Through Rate

Kliklənmə faizini ölçür. Ümumi mənada götürdükdə reklamın (banner, reklam linki və s.) effektivliyini ölçmək üçün istifadə olunan göstəricidir.
CTR-ın göstəricisi faizlə olur. Məsələn, 1%, 5% və s.
Oxuyanda yaxud tələffüz edəndə “si-ti-ar” olacaq.

CTR-ın hesablanma düsturu:
CTR = (kliklərin sayı) / (göstərimlərin sayı) * 100%

Gördüyünüz kimi çox sadə düsturdur. CTR-ı təyin etmək üçün Sizə iki göstəricini bilmək kifayət edəcək:

  • Reklam ümumi neçə dəfə göstərilib
  • Reklama neçə dəfə klik olunub.

Gəlin CTR-ı bir misal üzərində hesablayaq. Tutaq ki, reklamınızı 1000 nəfər görüb və yalnız 18 nəfər klik edərək saytınıza keçib. Bu zaman reklamınızın CTR-ı 1.8% olacaq. Hesablamaq üçün yuxarıda qeyd etdiyimiz düsturdan istifadə edək:
CTR = 18 / 1000 * 100% = 1.8%

Ümumiyyətlə CTR haqqında növbəti bloq yazılarımda çox ətraflı bəhs edəcəm. Hələlik keçək digər terminlərə.

CPM – Cost Per Millenium (Thousand)

1000 göstərimə görə olan qiymət. Reklam verən şəxs yalnız bannerin (reklamın) 1000 dəfə göstərilməsinə görə məbləğ ödəyəcək. Fərq etmir bu reklama klik olunacaq ya yox. Ödəniş hər 1000 göstərimə görə olunur.

ROI – Return on Investment

İnvestisiyanın rentabelliyi, Qoyulan pulun geri dönməsi

Reklam kampaniyasına çəkilən xərclərin effektivliyini hesablamaq üçün istifadə olunur. Bir neçə hesablanma qaydası olmasına baxmayaraq ən sadə düsturu aşağıdakı kimidir:

ROI = ( Gəlir – Maya dəyəri ) / Xərclənən büdcə * 100%

Əgər alınan nəticə 100%-dən artıq alınırsa investisiya uğurlu, 100%-dən aşağı rəqəm alınırsa uğursuz hesab olunur və bu reklam kampaniyasını dayandırmağınız tövsiyyə olunur.

Bu haqda geniş olaraq ayrıca bloq yazım olacaq.

CPC

İngilis dilində “Cost per click”. Bizim dilə tərcümə edəndə “Klikə görə ödəniş”, “Klikin qiyməti” kimi tərcümə olunur.

Reklamverən 1 klikə görə ödəniş edir. Yəni yerləşdirdiyiniz reklama klik olunub saytınıza istifadəçi gələn zaman Siz müəyyən məbləğdə borclanırsınız.
Bu ödəmə üsuluna sosial şəbəkələrdə reklam verən zaman və həmçinin Google reklamlarında rast gəlinir. Yerli saytlarımızdan bu ödəmə üzərindən işləyən sayt demək olar ki, yoxdur.

Klikin qiyməti müxtəlif faktorlardan asılıdır. Bu barədə növbəti bloq yazılarımda ətraflı məlumat verməyə çalışacam.

CPA — Cost Per Action

Hədəflənmiş aktivliyə görə ödəniş. Məsələn sayta gələn ziyarətçinin saytınızda Sizin üçün arzu olunan aktivliyi olur. Məsələn, istəyirsiniz ki, saytınıza gələn ziyarətçi saytınızdan qiymət cədvəlini yükləsin və ya saytda qeydiyyatdan keçsin, yaxud maşın satışı ilə məşğul olan şirkət istəyər ki, ziyarətçisi test drive-a yazılsın və s. Hədəflənmiş aktivlik bir və ya bir neçə ola bilər. Ola bilər bir reklam kampaniyası edəsiniz A aktivliyini etsin, digər reklam kampaniyasını həyata keçirərsiniz B aktivliyini etsin və s.

Hədəflənmiş aktivliyi reklam kampaniyasına başlamazdan öncə təyin etməlisiniz. Yəni, reklam kampaniyasında məqsəd nədir, şirkətimizin qazancı nə olacaq?
CPA – nı hesablamaq üçün kampaniyaya xərclədiyiniz reklam büdcənizi olan aktivliklərin sayına bölmək lazımdır.
Məsələn, reklam kampaniyasına başlamazdan öncə hədəfiniz ziyarətçilərin avtomobil test drive-na yazılması olub. Siz reklama 1000 azn xərcləmisiniz və 10 nəfər test drive-a yazılıb.

CPA = Büdcə / Yerinə yetirilən hədəf sayı

CPA = 1000 azn / 10 nəfər = 100 azn