SEO digital marketinq işidir yoxsa IT? - XeyalQuliyev.com
info@xeyalquliyev.com

SEO digital marketinq işidir yoxsa IT?

Digital marketinqin inkişaf etməsi son zamanlar ölkədə də bu sahəyə marağın artmasına səbəb olub. Çox təəssüf ki, hələlik Azərbaycanda digital marketinqin SMM tərəfi inkişaf edib, yaxud Azərbaycanda digital marketinq deyəndə yalnız SMM-lə kifayətlənirlər. Lakin buna baxmayaraq fərqli sferalara maraq göstərənlər də az deyil və bu sevindirici haldır. Fərqli sferaya maraq göstərənlər arasında SEO ilə bağlı çoxlu suallar gəlir. “Biz SEO öyərənə bilərikmi, SEO öyrənmək üçün nələri bilməliyəm?” və s. Bacardığım qədər bütün sualları cavalandırmağa çalışıram. Lakin söhbət əsnasında bəzi yoldaşların beynində şübhələr, qorxular olduğu hiss edilir. Səbəbini öyrəndikdə isə cavablar təxmini belə olur: “Filankəs dedi ki, gərək proqramlaşdırma da biləsən, filankəs yazdı IT-də bilməlisən” və s. “- Ancaq mənim ixtisasım marketinqdir, istəmirəm sahəmi dəyişim IT sahəsinə gedim” və s. Bütün o yoldaşlara və bu yazını oxuyarkən də SEO-nun proqramlaşdırmaya, IT-yə aid olduğunu düşünən, şübhəsi olan bütün dostlara əminliklə bildirmək istərdim ki, SEO – digital marketinqin bir qoludur və digital marketinq mütəxəssisinin işidir. Buna əmin olun. Sizə düşən digital marketinq mütəxəssisi deyəndə yalnız SMM-lə kifayətlənən, digital marketinqin sadəcə facebook-instagramda səhifə açıb gündə bir-iki post paylaşmaqdan ibarət olduğunu düşünməməkdir. SMM necə digital marketinqin bir qolu və digital marketinq mütəxəssisinin bilməli olduğu bir sahədirsə SEO-da elə. Eləcə də web analitika da həmçinin, email marketinq də həmçinin, SEM də həmçinin və s. Qarışıqlıq düşməsin deyə o sahələrə hələlik girməyək.

Qayıdaq mövzumuza. SEO – IT işidir yoxsa digital marketinq? Ancaq əvvəlcə gəlin baxaq görək bu IT nədir elə, deyirlər IT işidir. Dostlar, IT özü çoox geniş sahədir. Elə bilin ki, “müəllim” sözünü deyirsiniz. Görün nə qədər elm var, nə qədər fənn var. Və yaxud “usta” sözü. Nə ustası? N qədər fərqli sahə var.

Ümuiyyətlə IT özü geniş sahədir. Sual olunur ki, IT-nin məhz hansı sahəsinə? IT özü kobud dildə desək programçılar və şəbəkə administratoru, sistem administratoru, database administrator və s. kimi fərqli ixtisaslara ayrılır. Bundan əlavə programlaşdırma özü də 2 əsas qrupa bölünür. Desktop proqramlaşdırma – hansılar ki, komputerə install edib işlətdiyimiz programları hazırlayan sahəsi və web programlaşdırma – hansı ki, saytları programlaşdıran sahəsi. Bu izah tam detallı olmasa da ümüd edirəm ümumi mənzərə haqqında təsəvvürü yarada bildi. IT sferalı dostlarım inciməzlər məndən yəgin)

SEO-ya ən yaxın olan IT qolu isə web proqramçılardır.

SEO-da bəzi şeylər var ki, həqiqətən o həllərin realizasiyası üçün web-proqramçıya ehtiyac duyulur. Ancaq o demək deyil, iş ümumilikdə proqramçının işidir. Proqramçı reallaşdırandır, konsepsiya isə digital marketinqin işidir. Elə bilin bina tikilir. Binanı konseptini arxitektor, mühəndis verir, realizasiyasını isə fərqli fərqli ustalar. Biz deyə bilərikmi bəyəm bina tikmək usta işidir. Xeyr. SEO da belədir. Konsepti digital marketinq verir, fərqli fərqli realizasiyaları bir dəfə proqramçı edər, bir dəfə content menecer, jurnalist və s.

Proqramçı sadəcə sifarişi yerinə yetirir. Çünki proqramçıya ehtiyac olan şeylər yalnız və yalnız bir dəfə olunmalı şeylərdir. Davamını isə digital marketinq mütəxəssisi edir hər şeyi.

Başqa cür yanaşaq: 1C Mühasibatlıq proqramını kimlər işlədir? Ən sadə tərəfdən yanaşsaq – Mühasiblər. Bəs onu kimlər düzəldib? – Proqramçılar. İndi 1C mühasibatlıq kimin işidir? Proqramçının? Siz şirkətinizə 1C programı alıb tətbiq edirsiniz. Bunun üçün onu işlətməyə vakansiya olaraq mühasib axtaracaqsınız yoxsa proqramçı? Proqramçı axtarsanız vakansiyada tələb nə verəcəksiniz? “Şirkətə proqramçı tələb olunur, 1C proqramında işləsin” gülməli çıxır düzdür? Halbu ki, 1C proqramı ilə işləyərkən və şirkətiniz inkişaf edərkən demək olar ki, hər gün 1C proqramçıya ehtiyac duyulur. Onu nə edəcəksiniz bəs? Təbii ya işçi tutacaqsınız, ya da outsource kənar bir proqramçıya sifariş verəcəksiniz ki, məsələn mən istəyirəm programda filan hesabat çıxsın. Proqramçı gəlir onu düzür qoşur gedir. Bitdi. Bundan sonra o hesabat həmişə işləyəcək. Proqramçı bir dəfə etdi, ancaq o hesabatı həmişə mühasib işlədəcək. Hətta o hesabatın necə işləməsini, alqoritmini, məntiqini də mühasib texniki tapşırıq şəklində proqramçıya verir, proqramçı da onu kodlaşdırır.

Bura qədər olanlar mənim bu sahədə 7 illik təcrübəmin dedikləri idi. Tamam, kimsə deyə bilər ki, sənin dediklərin səhvdir yaxud onlar etalon ola bilməz.

İndi isə SEO-nun hansı sahəyə aid olduğunu dünya nəhənglərinə müraciət etməklə aydınlaşdıraq.
Bu gün bunun izahlarını dünyanın ən nəhəng saytları ilə verməyə çalışacam. Bundan sonra bu mövzuda hələ də tutduğunu buraxmayanlar varsa bu artıq inad məsələsidir, savad yox.

Ayrı-ayrı saytlardan bloglardan SEO-nun digital marketinqə aid olduğu haqqında linklər verməyəcəm. Çünki iddia oluna bilər ki, o sayt düz yazmayıb, o bloqu yazanın savadı yoxdur və s. Bu barədə kim istəsə axtarış edib nəticələri oxuya bilər. Mən fərqli fərqli servis saytların üzərindən gedəcəm.

Əvvəlcə daxil olaq Google-a və “what is seo” açar sözünü axtarışa verək.

Google ilk izahını verməyə çalışır: “digital is now the company’s main marketing channel with the majority of investment going on SEO” Cümləni bir neçə dəfə oxuyun, mənanı tutmağa çalışın

Tutaq ki, izah qane etmir. Daxil oluruq wikipedia səhifəsinə

SEO haqqında geniş izahat verir. Lakin diqqət edin sağ tərəfdə qırmızı ilə işarələrən Part of a series on Internet marketing hissəyə. SEO-nu internet marketingə aid ediblər və digital marketinqin digər sferaları ilə yanaşı naviqasiya qurublar.

Növbəti baxış bucağımız internetdə ən çox ziyarət olunan freelance saytı olan Fiverr.com saytıolsun. Sayta daxil oluruq bir qədər aşağı scroll edirik:

Sizcə SEO bu ana kateqoriyaların hansının içində olar? SEO-nu Digital martetinqə aid edənlər deyəcək “Digital Marketing” kategoriyasında, IT-yə aid edənlər isə düşünəcək “Programming & Tech” kategoriyasında. Buyurun hər iki kateqoriyaya daxil olub baxa bilərsiniz. “Digital marketing” düşünənlər yanılmadılar:

Sol tərəfdə SEO-nun hansı sferalar ilə yanaşı gəldiyinə də nəzər yetirin və nəticə çıxardın

Növbəti sübutumuzu başqa bir dünya nəhəngində edək. Ola bilər yuxarıdakı sübutlar bəs etməz, bizim yerli “ağıllılar” dünya nəhənglərindən daha ağıllıdırlar.

Amazon.com saytına daxil olaq. Elektron ticarətdə ən böyük saytlardan biridir. Dünyanın ən güclü mütəxəssislərini işlədir. Gələn ziyarətçinin müştəriyə çevrilməsi üçün bu mütəxəssislər saytda demək olar ki, hər şeyi nəzərə alırlar. Bir SEO kitabı axtaraq. Axtarış sətrində “seo book” açar sözünü yazaq və axtarış verək. Nəticə aşağıdakı kimi olacaq:

Şəkildə qırmızı ilə işarədələdiyim yerə diqqət edin.
Sistem avtomatik olaraq axtarışı Books > Business & Money > Marketing & Sales kataloqu daxilində axtarır.

Daxil oluruq hər hansı bir kitabın daxili səhifəsinə:

Və görürük ki, o SEO kitabı Marketing & Sales kateqoriyasının içində yerləşdirilib. IT-dən əsər əlamət yoxdur. Amazon da səhv edir?

Araşdırmanı davam edək…

Dünyanın ən qabaqcıl freelance saytlarından biri olan upwork.com saytına müracət edək. Qeyd edim ki, bu saytda qeydiyyatdan keçib pul qazanmaq elə də asan deyil. Hər qeydiyyatdan keçən dərhal özünə müştəri tapıb qazana bilməz. Qeydiyyatdan keçən hər bir kəsi bir-bir imtahan edirlər. İngilis dilindən tutmuş ixtisasa kimi. Adətən freelance saytlarını hindistanlılar zəbt edir, lakin burada onlara az rast gəlinir. Ancaq və ancaq həqiqətən də ixtisaslı mütəxəssisləri sayta buraxırlar. Söhbəti nəyə görə hindistanlılar üzərində saxlayıram, onlar adətən internet aləmində digər ölkələrin vətəndaşlarına pul qazanmağa imkan vermirlər. Normalda 100 dollara görülməli işləri onlar “Two dollar, two dollar” deyə-deyə atılırlar ortalığa, bütün işləri özlərinə götürürlər. Bu“Two dollar, two dollar” deyənlərin əksəriyyəti də işi çox vaxt yarımçıq qoyub aradan çıxırlar. Çünki ordan-burdan blogdan, saytdan bir-iki cümlə oxuyub düşürlər ortalığa pul qazanmağa. Çox şey də səhv, yalan-palan. Elə bizdə SEO IT işidir deyənlər də orda burda blogda oxuyub, yaxud kiminsə ağzından eşidib ortalığa düşənlərdir.

Saytda bir qədər araşdırma edək. Axtarış sətrində “seo” yazıb axtaraq. Mütəxəssislərin nəticəsini çıxardacaq qarşımıza. Oradan bir SEO Specialistin profilini tapaq və daxil olaq. Mən məsələn, David Evans adlı mütəxəssisin profilinə daxil oldum Profilə göz gəzdirdim və orada belə bir yazı var: “I am a professionally trained digital marketer with agency level work experience….”. Diqqət edək: Deyir “I am digital marketer”, daha durub demir “I am IT specialist”.

Qayıdaq sayta. Ana səhifədə bir qədər aşağı düşsək aşağıda şəkildəki kimi bölmələr gösərəcəyik. Sizcə SEO bölmələrin hansının içində olar? Yuxarıdakı faktlara nəzərə alıb ehtimal etsək bu saytda da Sales & Marketing Experts bölməsində olacaq. Daxil olaq. Orada olsa deməli düz seçim etdik.

Sales & Marketing Experts bölməsinə daxil olub səhifəni bir qədər aşağı scroll edəndə qarşımıza digital marketinq sahələrini əhatə edən iconlar çıxır və onlardan biri də SEO-dur

Diqqət edin, SEO-nu hansı bölmələrin yanına qoyublar: Search Engine Marketing, Social Media Marketing, E-mail marketing və s. Niyə gətirib digital marketing səhələrinin yanına qoydular? Bəlkə səhv ediblər? İçimizə sübhə düşdü. Bəlkə onlar da savadsızlıq ediblər bizim SEO-nu IT-yə aid edən “ağıllılar”ımızın yanında. Qayıdaq ana səhifəyə həminki yerə, lakin bu dəfə IT-yə ən yaxın olan Web Developers bölməsinə keçid edək:

Bir qədər aşağı düşürük və aşağıdakı mənzərə ilə qarşılarşırıq:

Bu bölmələrin yanında SEO yoxdur. SEO-nu bura qoymamaqda səhv ediblər, ya düz ediblər özünüz özünüzə sual verin.

Bu global saytlar siyahısını nə qədər istəsəz uzatmaq olar. Lap gedin, https://digitalmarketinginstitute.com/ saytına, yaxud digər distans təhsil saytlarına. Yenə də SEO digital marketinqin yanında olacaq. Bu boyda dünya nəhəngləri səhv edə bilməz yoldaşlar 🙂

Gəlin belə misalın həllini tapaq: Tutaq ki, fərqli reklam xidmətləri göstərən bir saytımız var və biz istəyirik ki, insanlar googleda “çöl reklamları”, “monitorlarda reklam”, “metroda reklam” kimi sözləri yazıb axtaranda bizim saytımızın müvafiq səhifələri çıxsın. Nə etməliyik? Bu açar sözlərin hər birinə aid bir səhifə yaratmalıyıq, o səhifənin başlığında, url-ində, ilk abzasında axtarılan həmin açar söz olmalıdır. Səhifənin məzmunundakı mətnlər orijinal olmalıdır, yəni ordan burdan oğurluq mətn olmamalıdır, mətnin uzunluğu N simvoldan uzun olmalıdır , mətndə açar sözə bir neçə dəfə rast gəlinməlidir və bu rast gəlinmələr ümumi sözlərin sayının N%-dən artıq olmamalıdır və s. Bunlar çox təməl şeylərdir, hər şeyi yazmıram. Bu boyda həngamədə proqramçının işi odur ki, səhifəmizin url ünvanı saytadi.com/page=1425 yox saytadi.com/metroda-reklam olsun. Bunu da bir dəfə edəcək, kod yazacaq saytda bütün url ünvanlar “seo friendly” olacaq. Növbəti səhifələrdə isə yenə eyni şeyləri ancaq digital marketinq mütəxəssisi edəcək. İndi bu boyda əziyyət kimin oldu?

SEO-nu IT-yə aid etməyə gəldikdə isə ona qalanda Web analitikada proqramçı ilə daha çox işləyirsən nəinki SEO-da. Çoxsu elə bilir ki, Google Analytics kodunu qoşdun vəssalam, işlər bitdi. Daha təkmil analitika üçün proqramçı analtika koduna bəzi müdaxilələri etməlidir. (click listener, event və s.) Onu da analitikadan anlayışı olan digital marketinq mütəxəssisi tapşırığı verir, proqramist həyata keçirir.

Sonda bəzi şeyləri deyim, çalışın onları edin və nəticəni sonra özünüz çıxardın.
1. Güclü bildiyiniz proqramçı tanışınızdan soruşun ki, “Bizim şirkətin saytı üçün SEO xidmətlərini görə bilərsinizmi?” Ağır cavab versələr mənlik deyil ???? Əlbəttə mənfi cavab verəcəklər, adamlar programçıdır, digital marketinq mütəxəssisləri yox. (Hərçənd, axtarsan digitalı bəzi yerli “mütəxəssis”lərdən yaxşı bilirlər)
2. Linkedin profilində bacarıqlar bölməsinə SEO yazanlar görün IT işçiləridir yoxsa digital marketinq sahəsinin adamları
3. İş elanı saytlarına daxil olun, görün SEO üçün tələblər IT tələblərdir, yoxsa digital marketinq

Çalışın həmişə proqramlaşdırma sfreasının insanları ilə dost olun, onlar Sizin yeni yeni ideyalarınızı gerçəkləşdirəcək, birlikdə güclü komandalar yaradıb startuplar quracaqsınız. IT və marketinqin arasına düşmənçilik toxumu səpənlərdən uzaq durun. Bu ayrıseçkiliyi çox vaxt marketinq adamları salır nəinki proqramçılar. Marketinqin buklet paylamaqdan, SMS yazmaqdan, saytda PR məqalə verməkdən ibarət olduğunu düşünən “dahi” marketoloqlardır onlar.

Hamıya uğurlar…