SEO kimin işidir? Bakcellin günahı yoxdur. - XeyalQuliyev.com
info@xeyalquliyev.com

SEO kimin işidir? Bakcellin günahı yoxdur.

Rəqəmsal marketinqin günü gündən inkişafı şirkətləri, top menecmenti marketinqin bu qolundan aktiv şəkildə istifadə etməyə məcbur edir. Bu gün dünyada rəqəmsala önəm verməyən bizneslərə rəqabət mühütündə yaşamaq çox çətindir. Əksər şirkətlər marketinq büdcələrinə yenidən baxır, offlinə marketinqə xərclədikləri büdcəni kəsərək rəqəmsal marketinqə yönəldirlər.

Rəqəmsal marketinq əsas üstünlüyü odur ki, burada hədəf auditoriyaya daha dəqiq xitab etmək mümkündür. Burada xırda büdcələrlə belə istənilən nəticələri əldə etmək olur, qoyulan hədəflərə çatmaq olur. Burada hər şey ölçülür. Ən xırda qəpiyinə kimi.

Rəqəmsal marketinq yeni yaransa da çoxsu elə bilər ki, xırda elmdir. Xeyr, qətiyyən elə deyil. O qədər sürətlə inkişaf edib ki, bir neçə qolları yaranıb və dünya praktikasında mütəxəssislər ümumi rəqəmsal marketinqə yox, onun hər hansı qolu üzrə inkişafı üstün tuturlar, dar bir sahədə ixtisaslaşmaq istəyirlər. Çünki bazar və raqəbət mühütü bunu tələb edir. Ancaq bir şirkətin rəqəmsal marketinq departament müdürü təbii ki, bütün qollardan yüksək səviyyədə xəbərdar olmalıdır.

Azərbaycanda rəqəmsal marketinq dedikdə ağıla ilk gələn facebook səhifə açmaq olur. Hansı ki, bu rəqəmsal marketinqin bir qoludur. Social Media Marketinq qolu. SMM deyirlər.
Qısa olaraq SMM-dən başqa rəqəmsal marketinqin digər qollarını sadalayıram:

SE – Search Engine (axtarış motorları). Bülünür iki yerə: Search Engine Optimization (SEO) və Search Engine Marketing (SEM)
SM – Social Media (sosial media). Yenə bölünür: Social Media Marketinq (SMM) və Social Media Optimization (SMO)
Email marketing
Content Marketing

Performance Marketing
Mobile Marketing
və s.

Gördüyünüz kimi əhatə etmədiyi sahə yoxdur. Bu postun əsas mövzusu bu deyil deyə ətraflı yazmıram, növbəti bloq yazılarımda qayıdacam rəqəmsal marketinqə.

Ötən gün bir bloq yazısına rast gəldim:

Postu bu linkdən oxuya bilərsiniz: https://azimovblog.wordpress.com

Əslində kim nə yazır kim nə edir özü bilər, çox vaxt elə şeylərə qarışmıram. Ancaq bir şərtlə:
Kiminsə əməli ictimai xarakter daşımırsa, arxası ilə kütlə aparmırsa, kütləni yanlış istiqamətləndirmirsə. Bu zaman müdaxilə mütləqdir.
Yenə də deyirəm mən bloq müəllifini nə şəxsən tanıyıram, nə də Bakcell şirkətinin marketinq departamentinin işçiləri ilə şəxsi münasibətim var. Ancaq qeyd olunan yazıda haqsızlıq var deyə bu postu yazdım. Əslində heç bloq post şəklində də yazmaq istəmirdim, facebookda şərh şəklində fikirlərimi çatdıracaqdım. Lakin şəkillər, ardıcıllıqlar olduğu üçün facebook şərhlərdə çətinlik olduğu üçün bloq post şəklinə saldım.

Müəllifin postunu oxudum. Yazı iki hissədən ibarətdir. SEO & SEM və Bakcellin SEM səhvi barədə.
İlk öncə yazıda SEO və SEM izah olunmağa çalışılır ancaq yanlış yönləndirmə olur.

Postda qeyd olunur: Beləliklə SEM marketoloqun, SEO isə həm də İT mütəxəssisin işidir. Bu ikisi arasındakı ilkin və təməl fərqdir.
Sual olunur nə vaxtdan?
SEO da SEM-də bir başa rəqəmsal marketinq departamentinin işidir. SEO nəyin qoludur? Rəqəmsal marketinqin yoxsa IT şöbənin? SEO mütəxəssisi işə marketinq şöbəsi qəbul edir, yoxsa IT şöbə?
P.S: Deyə bilərsiz ki, heç biri. İşçini HR qəbul edir. Ancaq xeyr 🙂 Marketinq şöbəsinə işçiləri marketinq qəbul edir. HR sadəcə onun şəxsi keyfiyyətlərinə görə şirkətə uyğun olub olmadığını filtrasiya edir. Bilirəm HR dostlar əsəbləşəcək, ancaq gəlin inciməyək reallıq budur )

Qayıdaq SEO işini rəqəmsal marketinq mütəxəssis yoxsa IT mütəxəssis etməlidir o mövzuya qayıdaq. Ən primitiv bir situasiya təsəvvür edək. Həm marketinq sahəsinin adamları həm də IT.
Salam, Sizin vəzifəniz nədir? Hansı işlə məşğulsuz.
Mən SEO mütəxəssisəm. Aaa aydındı İT-şniksiz?

Düz gəlir? Əlbəttə xeyr. SEO rəqəmsal marketinqin bir qolu olduğu üçün elə bu sahəyə də aiddir.

Ümümiyyətlə, müasir biznes mühütündə marketinq və IT dost sahələrdir. Trend bunu tələb edir.
Və təbii ki, marketinq yenilikləri zamanı IT mütəxəssislərin köməyinə ehtiyac duyulur. Ən çox IT-nin Web sahəsinin. (böyük şirkətlərdə database də həmçinin)
Marketinqin IT ilə yaxınlığına bəzi sadə nümunələr üzrə baxaq. Sayt IT məhsuldur, Marketinq alətidir. Saytı dizayner çəkir, frontend və backend developerlər hazırlayır. Ancaq gəlin baxaq müasir trend nə tələb edir.

Marketinq şöbəsi yeni saytın yaradılmasını qərar verir, otururlar hədəflər qoyurlar, saytın funksiyalarını müəyyənləşdirirlər. Harada nə olacaq, hansı xidmətlərimiz olacaq və s. Konkret brifi müəyyənləşdirirlər. Burada rəqəmsal marketinq mütəxəssislərinin daşın altında qoyulan əldə payları böyükdür. Çünkü savadlı rəqəmsal marketinq departament rəhbəri UI və UX haqqında biliklərini də ortaya qoymalıdır. Saytın hansı blokunun harada olmasını rəqəmsal marketinq trendləri ilə əsaslandırmalıdır. Yenə də qeyd edirəm, facebook səhifəni idarə edən admin yaxud adminka yox haa, rəqəmsal (ümumi, hərtərəfli) marketinq mütəxəssisi.
Yoxsa dizaynerə (Azərbaycanda web trendləri bilən, UI/UX məlumatlı az dizayner var, ad çəkmirəm, reklam olar. Onlara aid deyil) nə var, güllü-güllü sayt dizayn edib verəcək. Qlamurlar baxacaq “aa kak kleva” deyib dizayna OK verəcəklər, frontend kodlyacaq, backend proqramlaşdıracaq təhvil veriləcək vəssalam. Sonra da müdürə deyiləcək, “posmotrite, u nas saytik. Güllər burdan çıxır, sayta girəndə mahnı oxunur, burda müdürümüzün yekə şəkli, burada ofisimizin böyük şəkli. Xalaldı e vallah.” Sonra da sayt istifadəyə verilir, ziyarətçi sayta daxil olur, lazımı məlumatlar lazımı yerlərdə olmadığından istədiyi informasiyanı tapa bilmir, saytı tərk edib gedir. Nəticədə sayt olur boş bir şey.
Rəqəmsal marketinq mütəxəssi isə əvvəldən müdaxilə etdiyindən sayt düzgün KPI-lar üzrə işləyir və lazımi nəticələr əldə olunur. Bu da ayrıca mövzudur, başqa vaxt qayıdarıq.
Bu misalı ona görə çəkdim ki, qaydasına görə əksər marketinq alətində IT kömək edir, düzür qoşur verir, sonra isə marketinq işlədir.
SEOda da həmçinin. SEOda düzdür bəzi IT işləri var ki, proqramçı onları etməlidir, amma yenə dediyim kimi SEO mütəxəssis (rəqəmsal) nə desə proqramçı onu edəcək. Desə belə et belə edəcək, elə et elə edəcək.
İndi gəlin baxaq SEO-da iş bölgüsündə rəqəmsal marketinq mütəxəssis nələri edir, proqramçı nələri edir, ondan sonra qərar verək SEO rəqəmsal mütəxəssisin işidir yoxsa IT-nin.

Saytın SEO-su üçün IT-nin etdikləri:

– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl title olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl meta taqlar olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birinin özəl url-i keyword şəklində olsun ID şəklində olmasın – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir daxili səhifələrdə o kateqoriyaya aid bənzər yazılar çıxsın – proqramçı edir. Bir müddət sonra rəqəmsal marketoloq analiz edir proqramçıya deyir yox bənzər yazılar (məhsullar) eyni kateqoriyadan göstərməsin, eyni taglardan çıxsın – proqramçı edir. Bir az keçir Rəqəmsal marketoloq həmin bu SEO blokunda manevr edib SMO qatır deyir orda 4 postdan 3-ü yuxarıdakı alqoritmlərdən birinə görə çıxsın amma 1-i mütləq filan post olsun ki, buna social media marağı böyükdür. Trafikin artırılmasına, bounce rate-ə, səhifə görüntüləməsinə, səhifə ağırlığının artırılmasına və s. qatqısı var deyə məhz bu post həmişə olsun. Özü də bir kateqoriya (tag) qrupuna yox eyni anda bir neçə content qrupa aid olsun.
– Rəqəmsal marketoloq deyir “robots.txt” faylına botlara nəyə access olsun nəyə yox – Proqramçı edir. Hərçənd bunu özü edə bilməyən rəqəmsal marketoloq olmaz da yəgin ki.
– Rəqəmsal marketoloq deyir “.htaccess” faylında bu bu bu işləmlər olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir .xml sitemap yaransın proqramçı edir. Amma orda alqoritm məntiqi hansı olacaq onu da RM deyir, proqramçı sadəcə icra edici funksiyayadır burda.Nə desən edəcək.
Və bu yuxarıda yazılan proqramçının etdiyi şeylərin əksəriyyəti 1 dəfə olunan işlərdir. İlk dəfə bir dəfə proqramlaşıdırılır vəssalam.
Proqramçının etdiyi bu qədər. Əlavə nəsə varsa yadımdan çıxıb qeyd etməyibsə mailə yaxud direkt mənə yaza bilərsiz əlavə edərəm. Yəqin ki, hər dəfə linklərə rel=”nofollow” yazılması IT işinə əlavə edilməz də, yoxsa gəlib digital şöbənin otağını yıkarlar. (Cem Yılmaz stilində 🙂 )
İT-şnik SEO işlərini etmir, SEO-şnik SEO-ya lazım olan həlləri deyir İT-şnik edir.

İndi isə rəqəmsal marketinq mütəxəssisin SEO üçün etdiklərinə baxaq:

– Semantik nüvəni hazırlayır. Hansı keywordlər aşağı tezlikli, hansılar orta tezlikli, hansılar çox tezlikli olacaq. Hansı çox tezlikli və orta tezlikli keywordleri birləşdirib long tail keywordlər yaradıb onlar üzərində işləmək lazımdır. Hansı səhifədə indeksasiyanı tamamilə bağlamaq lazımdır, hansı səhifədə yalnız müəyyən hissədə bağlamaq lazımdır. Hansı linkə “nofollow”, “dofollow” vermək lazımdır, hansı linkin keçidi birbaşa, hansında “target=_blank” la keçid olunmalıdır.
– Linkbuilding startegiyanı hazırlayır.
– Səhifədəki ümümi mətnin SEO uyumlu olmasını təmin edir.
– Mətndə ümumi mətn uzunluğuna görə keywordlərin istifadə olunma nisbətini çıxardır.
– Səhifə başlığında və url-ində focus keyword-un olmasını təmin edir.
– Səhifədəki başlığın uzunluğunun SEO tələblərə cavab verməsini təmin edir.
– Səhifə description-nun uzunluğunu və burada focus keyword-un olmasını təmin edir.
– Səhifənin mətnində keywordləri elə ustalıqla bölür ki, Search Engine (axtarış motorları) botlar üçün spam olmasın.
– Səhifədə H1, H2 və s. teq saylarının SEO qaydalara riayət olunmasını təmin edir.
– Şəkillərin “alt” teqlərini SEO uyumlu adlandırır.
– Mütəmadi olaraq SEO alətlərlə (Search Console və s.) SEO analizini edir
– Kontent yerləşdirilərkən təkrarlanan səhifələri müəyyən edir, rel=”alternate” hreflang=”x” yaxud rel=”canonical” kimi köməkçilərdən harada və nə vaxt istifadə olunmasını müəyyən edir.
– Rəqiblərin SEO analizini edir
– Keywordlərin axtarış dinamikasını izləyir, özü üçün hər dəfə reportlar hazırlayır.
və s.

Və bu yuxarıda yazılanları isə rəqəmsal marketinq mütəxəssisi hər dəfə edir. Hər dəfə edirsə iş kimin işidir. IT mütəxəssisin yoxsa rəqəmsal marketinqin?

Məncə bu qədər aydındır. Keçək ikinci hissəyə.

Bloq postda şəkildəki yazı qeyd olunub:

Burada müəllif iddia edir ki, bakcell səhv edir. Və çox təəssüf ki, bu post paylaşılan kimi digital sahənin adamları, “mütəxəssiləri” də yazı ilə razılaşıb paylaşıblar. Şərhlərdə bakcelli qınayanlar da var, lağa qoyanlar da var hansı ki, “mütəxəssisdirlər”

İlk baxışda yəni rəqəmsal marketinq savadı az olan biri baxsa dərhal qərar verər ki, hə düzdür, bakcell pulları havaya sovurur, büdcəni düz idarə etmir, başları çıxmır və s. və s.
Lakin işin dərinini bilən baxanda bilər ki, burada nüanslar çox ola bilər ki, bununla da bakcell-in səhv etmədiyini dərk etmək elə də çətin deyil. Gəlin bir qədər dünyaya açılaq, dünya praktikasına nəzər salaq sonra qayıdarıq bakcell keysinə.

Normalda biz bir şeyi yaxşı bacaranda nə edirik. Özümüzdən razı oluruq düzdür?
Məsələn, yaxşı domino oynayan, PlayStation oyanayan və sairə fərqli bir şeydə güclü olan ətrafındakı hamını udanda qürrələnir və belə bir ifadə işlədir:
“BUNUN YARADANINI AXTARIRAM”

İndi bu ifadə ilə yola çıxaq. Hamı bilir ki, Google-da reklam vermək üçün Google Adwords sistemindən istifadə olunur. “Google Adwords” də adından göründüyü kimi Google boyda nəhəng şirkətə məxsusdur. Yani bunlar bunun yaradanidirlar.
Daxil oldum Googla “google adwords” sözünü axtarışa verdim. Nəticəsi aşağıdakı kimi çıxdı:

Eynilə bakcell misalındakı kimi, ilk öncə Google Adwords-ün reklamı sonra da SEO nəticəsi.
Bu nə “səhv”-dir Google edib. Utanmırlar? Google haaa, Google. Bunun yaradanı “adwords” açar sözündə özünü reklam edir, hansı ki, elə öz nəticəsi ikincidir. İstəsə heç reklam da verməz və öz axtarış motoruna elə funksiya verər ki, adwords sözünü axtaranda ilk 10 nəticənin hamısı adwordsun linki çıxar, yaxud 1-ci səhifə ağappaq olar bir dənə adwordsun reklamsız linki qalar.

Gələk növbəti nəhəng bir şirkətə:

Facebook sözünü axtaranda facebookda adwords reklamı çıxır, hansı ki, özündən sonra yenə facebookun linki çıxır. Facebookun pulu çoxdur, əcəb edir, nə vecinə pulu hara gəldi xərcləyir demək olmaz haaa bu yerdə. Böyük savadsizliq olar. Ele bil ki, ASAN xidmete könüllü düzəlmisən amma tərsden deyirsen NASA-ya könüllü düzəlmişəm. Çünki burada facebook pulunu havaya yox, Google-un, ən böyük rəqibinin cibinə atır. Özü də bu elə belə məbləğ deyil haaa. Dünya üzrə facebook sözünün axtarış intensivliyi və insanların “savadsız”-lıq edib ikinci linkə yox, birinci reklam verdikləri linkə kliklədiklərinə görə və bu kliklərə görə Facebookun Google-a ödədiyi məbləği təsəvvür etmək çətin olmaz yəgin ki. Bakcell səhv edibsə Facebook da Bakcellin “tayı” oldu ki, onda bu məntiqlə. Yəni biri var pulu çıxarasan kasıb kusuba paylayasan, biri də var ən varlı rəqibinə verəsən ki, al götür, mən xərcləyə bilmirəm sən xərclə.

Siyahını dünya nəhəngləri ilə uzatmaq olar. Amma gəlin keçək Bakcellin bu əməlinə ki, niyə belə ediblər dolların qalxan vaxtında?
Kənardan baxan kimi qınamaq asandır. Səhnənin o tərəfində nələr olur bilmək olmur. Ola biləcək bəzi nümunələri göstərirəm:
– Bəlkə A/B testinq edirlər. İnsanların birinci yaxud ikinci linkə klik etdiklərini ölçürlər. Nəticə istədikləri kimi olsa bəlkə reklama davam edəcəklər, yaxud reklamı lüzumsuz bilib yığışdıracaqlar.
– Bəlkə Bakcell sözünün real axtarış saylarını müəyyən etmək istəyir. Google keyword planner tool bəzən Azərbaycan üçün real nəticələr göstərmir, bu yolla öyrənmək istəyir.
– Bəlkə Azercell “bakcell” sözü ilə reklam verir, bakcell də əks həmlə ilə reklam verir, relevantlığa görə bakcell çıxır. Azercell-in CTR-ın zəifədir, xərclərini artırır, Azercelli SEM-dən uzaqlaşdırmağa çalışır
– Bəlkə “bakcell” axtaranları başqa landing page-ə yönləndirmək istəyir, hansı ki, bu açar söz üzrə organic SEO nəticəsi ilə bunu edə bilmir, Google ana səhifəyə göndərir.
– Bəlkə SEM-dən gələnlərdən remarketing siyahılar toplayırlar, gələcəkdə nəsə planları var.

Beləliklə ehtimallar çoxdur. Və bizim bilmədiyimiz ehtimallar da ola bilər. Ona görə kütləni yanlış istiqamətə yönləndirmək olmaz.

P.S: Xatırladım ki, mən bakcell abunəçisi deyiləm. Sadəcə haqqın tərəfini tutmaq lazımdır ki, mövqeyim də bəlli oldu.